Trampın “ticarət müharibələri”nin bizə təsiri olacaqmı? | TƏHLİL

   Trampın “ticarət müharibələri”nin bizə təsiri olacaqmı?    | TƏHLİL
  15 Fevral 2025    Oxunub:1247
Donald Tramp seçkidə qalib gələndə birjalar buna artımla reaksiya verdilər. Niyə? Çünki Tramp bazarlarda sabitliyin tərəfdarıdır. Amma əsas sual budur ki, Trampın iqtisadi siyasətinin dünya iqtisadiyyatına hansl uzunmüddətli təsirləri ola bilər?! ABŞ bu siyasətdən nələr əldə edəcək? Dollar hansı dəyəri qazanacaq? Nəhayət, Azərbaycan bütün bunlardan qazanacaq, yoxsa itirəcək?
Trampa görə neftin hazırkı qiyməti yüksəkdir. O hələ birinci Prezidentliyi dövründə Səudiyyə Ərəbistanı başda olmaqla OPEC-i qiymətləri süni şəkildə 60 ABŞ dollardan yuxarıda saxlamaqda günahlandırırdı. Trampa görə neftin dünya bazar qiymətləri 50 dollardan aşağı olmalıdır.

Tramp qonşu ölkələrin, o cümlədən Avropa Birliyi və Çinin ABŞ iqtisadiyyatından və bazarından öz mənfəətləri üçün az istifadə etməli olduqlarını düşünür. Ümumiyyətlə, ABŞ-ın imkanlarından, maliyyəsindən və yardımından sui-istifadə hallarına son qoymaq onun əsas məqsədidir.

İqtisadiyyatın öz qanunları var. Tramp özü iş adamı kimi bu qanunları yaxşı bilir. Gözəl başa düşür ki, istənilən istiqamətdə rüsumları artırmaq qiymətlərin yüksəlməsinə gətirib çıxarır, bu isə inflyasiya deməkdir, iqtisadi artımı buxovlayan amildir. ABŞ iqtisadiyyatı keçən il 2,8% artıbsa, bahalı idxal əməliyyatları bunu cari ilin sonunda 1,5%-ə, növbəti ildə 2,1%-ə endirə bilər. Ümumiyyətlə, qarşılıqlı alış-veriş və ticarət əlaqələrində üstün mövqeyə sahib olmaq üçün idxalı məhdudlaşdırmaq deyil, ixracı stimullaşdırmaq tələb olunur.

Məsələ bundadır ki, ABŞ Çin, Kanada, Meksika və Aİ ilə ticarətdə xeyirdən çox zərər əldə edir. Başqa sözlə desək, ticarətdə mənfi saldoya, kəsirə sahibdir. Konkret Avropa Birliyi ilə bu rəqəm 350 milyard dollar təşkil edir.

“Onlar bizim avtomobilləri, kənd təsərrüfatı məhsullarını qəbul etmirlər. Demək olar ki, heç nəyimizi qəbul etmirlər, biz isə onların hər şeyini qəbul edirik – milyonlarla avtomobildən tutmuş, külli miqdarda ərzaq və kənd təsərrüfatı məhsullarına kimi”,- deyə Tramp Avropa Birliyi ilə ticarət əlaqələrindən şikayətlənib.

Təsadüfi deyil ki, Avropa Birliyi, Kanada və Meksika Trampın addımına qarşı adekvat tədbir görəcəklərini dərhal bəyan etsələr də, Çin heç bir münasibət açıqlamadı. Çünki Çin ABŞ bazarından daha çox xeyir götürür. Ona görə də Trampın birinci prezidentliyi dövründə bu iki nəhəngin arasında ticarət müharibəsi baş tutmadı.

ABŞ tərəfindən birtərəfli qaydada rüsumları artırmaq və vergilər tətbiq etmək heç də qlobal iqtisadi müharibəyə gətirib çıxarmayacaq. Kanada və Meksika ilə bağlı sözügedən məsələ bir aylıq təxirə salınıb. Çin isə heç bir münasibət açıqlamasa da, 10%-lik rüsum qüvvəyə minən kimi "cavab atəşi" açdı. Pekin bəzi ABŞ məhsullarına yeni tariflər elan etməklə yanaşı, “Google”a qarşı yeni araşdırma başlatdı.

Çin, ABŞ-dən idxal edilən kömür və maye qaza (LNG) 15%, neft və kənd təsərrüfatı avadanlıqlarına isə 10% rüsum tətbiq edib.Eyni zamanda, ABŞ-nin rüsum tədbirləri ilə bağlı Ümumdünya Ticarət Təşkilatına şikayət edib.

ABŞ-ın yeni liderinin siyasəti nəticəsində dolların bahalaşması və neftin ucuzlaşması gözləniləndir. Birinci onsuz da özünü göstərir. Lakin ölkəmiz üçün ikincisi daha arzuolunmazdır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Ticarət-müharibəsi   Tramp  





Xəbər lenti